Bizim üçün hər bir zəng önəmlidir

Problemlər

Bizə zəng edərkən gəncləri bir çox problemlər narahat edir. Bunlardan bəzilərini sizinlə paylaşırıq.

Problem 1: Salam, mənim 19 yaşım var. Mən keçən il ali məktəbə qəbul imtahanında iştirak etdim, amma aşağı bal topladım və heç yerə daxil ola bilmədim. Buna baxmayaraq valideynlərim mənə böyük dəstək göstərirdi. Amma aşağı bal toplamağım məndə özümə inamsızlıq və ruh düşkünlüyü yaradıb.

Göstərilmiş kömək: Bu cür uğursuzluqla hər il bir çox abituriyentlər üzləşir. Kədərlənməyə dəyməz. Imtahana yenidən hazırlaşıb daha yaxşı nəticə göstərmək olar. Bu özünə inamınızı artıracaq. Həmçinin qeyd etmək lazımdır ki, valideynlərin sizə dəstəyi çox önəmlidir. Əgər onlar sizə bu qədər inanırarsa, siz də özünüzə inanmalısınız.

Problem 2: Salam, məni bir problem narahat edir. Mənim 17 yaşım var. Mən özümə qapalıyam, insanlarla ünsiyyət qurmağı bacarmıram. Kimləsə danışmağa başlayanda həyəcanlanıram və nə deyəcəyimi unuduram. Buna qarşı mübarizə aparmağa çalışmışam, amma nəticəsi olmayıb. Xahiş edirəm, mənə kömək edin.

Göstərilmiş kömək: Bu cür problemlərlə bir çox insanlar rastlaşır. Bu zaman bir neçə mərhələli iş görmək lazımdır. Ilk əvvəl sizdə bu problemin yaranma səbəbini araşdırmaq lazımdır. Bəzən buna səbəb özünə inamsızlıq olur. Sonra ünsiyyət bacarıqlarını formalaşdırmaq lazımdır. Həmçinin özünə inamı artırmaq lazımdır. Bu, insanlarla ünsiyyət qurmaqda vacib rol oynaya bilər. Bundan əlavə əvvəl ünsiyyət qurduğunuz insanlarla münasibəti möhkəmləndirmək lazımdır. Onlarla ünsiyyət sizə təcrübə toplamaq imkan verir. Sonda isə yeni insanlarla ünsiyyət və münasibət qurmağa başlamaq lazımdır. Bu cür hallarda öz üzərinizdə iş çox əhəmiyyətlidir. Qarşınıza bir məqsəd qoyun: hər gün heç olmasa 4 – 5 insanla ünsiyyət qurmaq. Bura sadəcə yaxınlaşıb saatı soruşmğı və ya hal əhvalı soruşmağı daxil etmək olar. Hər dəfə sayını qaldırmaq olar. Bununla siz insanlarla ünsiyyət qurmağı öyrənəcəksiniz və daha açıq, ünsiyyətcil olacaqsınız.

Problem 3: Salam, mən öz ailə üzvlərinə, həmçinin münasibətdə olduğu hər kəsə qarşı çox həssasam. Bu şəxslərin əslində hər zaman yanında olmasını istədiyim halda, özüm də istəmədən ümumiyyətlə ünsiyyətdən qaçıram, insanları özümdən uzaqlaşdırıram, hətta qəlblərini qıracaq yollara da əl atıram. Belə etdiyim üçün hər an çox təəssüf edirəm, gecələr çox ağlayıram. Özümü çox günahkar hiss edirəm, günlərlə özümə gələ bilmirəm.

Göstərilmiş kömək: Bu cür hallarda interpersonal psixoterapiyadan istifadə etmək daha məqsədə uyğundur. Aşağıdakı məqsədləri nəzərdə tutaraq konsultasiyanı həyata keçirmək olar: 1. sosial izolyasiyanın aşağı salınması və ünsiyyət bacarığının formalaşdırılması; 2. mövcud olan qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi; 3. yeni qarşılıqlı münasibətlər qurmağa həvəsləndirilməsi və artıq mövcud olan qarşılıqlı münasibətlərin keyfiyyətinin yaxşılaşdırılması; 4. özünü adekvat qiymətləndirmə və özünəinam hissinin bərpa edilməsi.

Problem 4: Salam, mən bir il əvvəl atamı itirmişəm. Onun ölümü mənə çox pis təsir edib. O zamandan mən kədər, məyusluq hissi ilə yaşayıram. Vaxt keçməsinə baxmayaraq özümə gələ bilməmişəm.

Göstərilmiş kömək: Bu hal interpersonal terapiyada fəsadlaşmış hüznün ən geniş yayılmış forması olan xroniki hüzn kimi qiymətləndirilir. Bu cür hallarda bu terapiyadan istifadə etmək olar. Aşağıdakı məqsədlər nəzərdə tutulub konsultasiya prosesini həyata keçirmək olar: ilk əvvəl sizdə itki ilə əlaqədar hissləri təqdir etmək lazımdır. Onların ifadəsinə kömək – katarsis prosesi sizi gərginliyi azaltmağa kömək edəcək. Növbəti mərhələdə atanızın itkisi ilə əlaqədar yaranmış boşluğu doldura biləcək maraq və münasibətləri bərpa edilməsi və ya yeni münasibətlərin qurulması sizə bu yaranmış vəziyyətdən çıxmağa kömək olacaq.

Problem 5:Salam. Mənim 21 yaşım var. Mən 4 ildir bir xanımı sevmişəm. Onsuz öz həyatımı təsəvvür edə bilmirəm. Amma həmin xanım ayrı bir insanla ailə həyatı qurub. Mənimlə isə sadəcə dost münasibətindədir. Nə edəcəyimi bilmirəm. Mənə kömək edin.

Göstərilmiş kömək: İlk əvvəl sizin bu xanıma qarşı gözləmələrinizi aydınlaşdırmaq lazımdır. Bu gözləmələrin və yarana biləcək münasibətin nə qədər real olduğu haqqında düşünün. Iki seçiminiz var: Əldə edə bilməyəcəyiniz insanı gözləmək və ya yeni həyata başlamaq. Həyatınıza yeni məqsədləri formalaşdırmaq və bu məqsədlərə doğru hərəkət etmək lazımdır. Diqqətinizi təhsilə və ya işə yönəltmək bu vəziyyətdən çıxmağa kömək ola bilər. Bu addım həyatda irəliləməyə kömək olacaq.

Problem 6: Salam, mənim sizin köməyə ehtiyacım var. Mənə kömək edin. Mənim 16 yaşım var, heç yerdə təhsil almıram. Həmişə evdə oluram. Anam mənə evdən çıxmağa icazə vermir. Bunu “qızlar evdə oturar” fikri ilə əsaslandırır. Mən isə universitetdə oxumaq istəyirəm, rəfiqələrimlə görüşmək istəyirəm. Mən nə edim?

Göstərilmiş kömək:Bu cür problemlər çox təəssüf ki, son zamanlar geniş yayılmışdır. Bu problemi həll etmək üçün bir neçə üsuldan istifadə etmək olar. Ilk əvvəl ananızla söhbət etməyə, öz istəklərinizi əsaslandırmağa çalışın. Ona təhsilin və ünsiyyətin necə vacib olduğunu izah edin. Bunun üçün hətta qohumlarınızda tələbə olan qız varsa misal göstərə bilərsiniz. Bunun nəticəsi olmasa, atanızı və ya ailədə sözü keçə biləcək, ananızla danışa və onun fikrini dəyişə biləcək insandan da dəstək alın.